Uşaqlarınızı qoruyun: indi də "Pomidor qripi" yayılmağa başladı

10:50 22.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İki ildən çoxdur koronavirusla mübarizə aparan dünya, son günlər Hindistandan gələn xəbərlərlə yenidən təşvişə düşüb. May ayında Hindistanda görünməyə başlayan “pomidor qripi” adlı virus yüksək yoluxdurucu qabiliyyətə malikdir.

Hafta.az-ın yazdığına görə, indiyədək 5-6 yaş arası 82 uşaqda aşkar edilən, uşaqların bədənində iri qırmızı ləkələr şəklində görünən “pomidor qripi” nədir, hansı şəraitdə yaranır?

İnfeksiya may ayında Hindistanın Kerala ştatının cənubunda görülüb və onun əl-ayaq xəstəliyinin yeni bir variantı ola biləcəyi narahatlıq yaradır.

"Daily Beast"də çıxan xəbərə görə, "Pomidor qripi"nin ən bariz əlaməti iri qırmızı ləkələrin yaranmasıdır. Virus öz adını da məhz həmin görüntüdən alıb. Bu ləkədən başqa da virusun əlavə 4 əsas əlaməti var. Bunlar yüksək hərarət, yorğunluq, bədən ağrıları, şiddətli əzələ ağrısıdır.

Ölümcül olmayan "Pomidor qripi" üçün peyvənd və ya antiviral müalicə yoxdur. Mütəxəssislər bu virusa qarşı ən təsirli müalicənin dincəlmək və bol maye qəbul etmək olduğunu vurğulayırlar. 

Virusun hazırda endemik olduğunu bildirən tədqiqatçılar daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.

“Pomidor qripi” kimi tanınan xəstəlik, əmələ gətirdiyi qırmızı qabarcıqların adını daşıyan viral xəstəlikdir. Meymunçiçəyi virusuna bənzər əlamətlərə səbəb olan bu virus indiyədək əsasən beş yaşdan kiçik uşaqlara təsir edib. May ayından indiyədək 5 yaşa qədər 82 uşaqda "pomidor" qızdırması aşkarlanıb, 10 yaşa qədər 26 gənc şübhəli şəxs qismində nəzarətə götürülüb.

Bu virusa yoluxan bir çox xəstələr əsasən yüksək hərarətdən və sıx oynaq ağrılarından əziyyət çəkirlər. "Pomidor qripi"nin əlamətlərinə yorğunluq, zəiflik və ishal daxildir. Həkimlər bunun "yüksək yoluxucu" olduğunu deyirlər və hazırkı epidemiya nəzarət altına alınmasa, yetkin əhaliyə yoluxa biləcəyindən qorxurlar.

Xəstəlik tüpürcək, selik, nəcis və blisterlərdən gələn maye vasitəsilə yoluxucu olur. Buna görə də, təsirlənənlər özlərini təcrid etməlidirlər. "Pomidor qripi"nin yaranma səbəbi dəqiq məlum deyil. 

"Pomidor qripi" təhlükəli xəstəlik hesab edilmir, lakin əlamətlər xüsusilə azyaşlı uşaqlarda ağrılı prosesə çevrilə bilər. Semptomlar adətən 10 gün ərzində yox olur.